Dəmir yolu şəbəkəsində baş verən çoxsaylı təxribatlardan sonra Olimpiya Oyunlarının açılış mərasimdən bir neçə saat əvvəl Parisin şimal-şərqindəki Vilet məhəlləsində yerləşən “Club France”ın girişi qarşısında yeni bomba xəbərdarlığı edilib.

"Unikal"  RMC radiosuna istinadla xəbər verir ki, 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimindən əvvəlki son bir neçə saat Fransa təhlükəsizlik xidmətlərinin gərgin fəaliyyəti ilə yadda qalıb. “RMC Sport”un verdiyi məlumata görə, Fransa Milli Dəmir Yollarının 800 000 sərnişininə təsir edən təxribat dalğasından sonra “Club France”ın girişinin qarşısında yeni bir bomba təhlükəsi bildirilib. “Club France”ın qarşısı və yaxınlıqdakı restoranlar tamamilə boşaldılıb.


Bir saatdan çox davam edən yoxlamadan sonra səlahiyyətlilər bomba təhlükəsinin aradan qaldırıldığını bildiriblər.

Tədbirlə bağlı risklərə görə Olimpiya Oyunlarının açılış mərasimi üçün Parisə çox sayda polis qüvvələri cəlb olunub. Tamaşaçıların, nümayəndə heyətlərinin və iştirak edən çoxsaylı dövlət başçılarının təhlükəsizliyini təmin etmək üçün mərasimin əhatə etdiyi 12 km-lik ərazini qorumaq üçün 50 minə yaxın polis əməkdaşı və jandarm səfərbər edilib.

Bu, hər 100 metrdə dörd polis nəfəri və ya jandarm deməkdir. Səfərbər olunan qüvvələr arasında BRI, GIGN və RAID (müxtəlif təyinatlı polis və jandarm bölmələri – red.) üzvləri var. Bundan əlavə, 2024-cü il Paris Olimpiadasının açılış mərasiminin optimal təhlükəsizlik şəraitində keçirilməsi üçün 2000 nəfər bələdiyyə polisi də cəlb olunub.