Məmurların "qara dosye"si hazırlanır
Seçkidən sonra bəzi vəzifəlilərin işi xarab ola bilər
Bu ilin fevralında keçirilən məlum müşavirədə ölkə başçısının məmurlara sərt xəbərdarlığına baxmayaraq, hələ də mətbuat səhifələrində bəzi vəzifəli şəxslərdən etiraz və narazılıq dolu, şikayət xarakterli oxucu məktublarına rastlanır. Hiss olunur ki, bəzi məmurlar dövlət rəhbərinin göstərişlərindən lazımi nəticə çıxarmayıblar və vətəndaşları incitməyə davam edirlər.
Xatırladaq ki, prezident çıxışında bildirmişdi ki, məmurlar öz işləri ilə fərqlənməlidirlər: "Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır".
Ölkə rəhbəri xüsusi vurğulamışdı ki, Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir, təhqir edilməməli, incidilməməlidirlər: "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər. Bütün bu hallar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır".
Göründüyü kimi, dövlət başçısının məmurlara tapşırıq və xəbərdarlığının məzmunu çox açıq, konkretdir. Elə isə hələ də bəzi vəzifəli şəxslərin həm bu xəbərdarlıqlara, həm də bu ilin seçki ili olmasına baxmayaraq, vətəndaşlarda narazılıq, inciklik yaradan əməllərə yol verməsi necə nəticələnə bilər?
Bu barədə əməkdaşımızla söhbətində adının çəkilməsini istəməyən bir mənbə bildirib ki, onda olan məlumatlara görə, hazırda ölkə mətbuatı ciddi monitorinq olunur: "Yalnız Prezident Administrasiyasına ünvanlanan şikayətlər deyil, mətbuatda ayrı-ayrı məmurlardan vətəndaşların şikayət xarakterli məktubları, müraciətləri toplanır və dosye şəklinə salınır. Belə məmurların bəzilərinin seçkidən sonra cəzalandırılmaq perspektivi xeyli yüksəkdir".
Hazırda seçki ərəfəsi olduğu üçün daha vacib məsələlərin həlli ilə məşğul olmağa üstünlük verən hökumətin sonradan istər prezidentin xəbərdarlığına, istərsə də qanunun tələblərinə əhəmiyyət verməyən məmurlarla haqq-hesab çəkməsi tam realdır: "Hansı rayonlarda məmur özbaşınalığının səviyyəsi daha yüksəkdir, hansı sahələrdən daha çox şikayət edilir, rayonlar üzrə hansı məmurlardan daha ciddi narazılıqlar, etirazlar davam edir, bunların hamısının monitorinq olduğu, yalnız ölkə rəhbərliyinə gələn deyil, mətbuat səhifələrinə də yol tapan şikayətlərin komplektləşdirildiyi barədə iddialar dolaşır. Bu isə o deməkdir ki, biz seçkidən sonra xeyli məmurun "qara dosye"lərinin qarşılarına qoyulacağını və onların sərt formada cəzalandırılmasını müşahidə edə bilərik".
Məlumatlılığına şübhə etmədiyimiz bu mənbənin dediklərindən sonra bizə məmurlara vətəndaşlarla münasibətlərdə daha diqqətli, ehtiyatlı, mədəni olmalarını, eyni zamanda da şəxsi mənfəətlərindən yox, qanunların aliliyindən çıxış etmələrini məsləhət görürük.
Əks halda, sonradan çox gec ola bilər.
Azər Aslan
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
