Yenidən Azərbaycanda olmaq çox xoşdur. Ötən il də gəlmişdik. Bizi çox çətin oyun gözləyir. Lakin sabah meydana çıxıb sonadək döyüşəcəyik. Rəqibimiz güclüdür, amma əzmkar olacağıq.
"Unikal" xəbər verir ki, bu fikirləri Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xayver Munyos UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi “Qarabağ”ın komanda şəklində güclü olduğunu bildirib: “Fərdi olaraq kimisə qeyd edə bilmərəm. “Qarabağ”ın güclü tərəfləri çoxdur. Buna Avropadakı çıxışı sübutdur. Ötən il “Bayer”lə (Leverkuzen) dramatik oyunlara şahidlik etdik. Almanlar son dəqiqələrdə vurulan qolla mərhələ adlamışdılar. Ağdam təmsilçisinin üstünlüklərindən biri də ötənilki heyətini qorumasıdır”.
Mütəxəssis özləri üçün kiçik detalların vacib olduğunu söyləyib: “Qarabağ” kimi komandalara qarşı oyunda hər bir epizod önəmli olur. İlk matçda penalti vəziyyəti oldu, lakin hakim bunu qeydə almadı. Təəssüf ki, ilk hissənin son dəqiqələrində qapımızda qol gördük. Lakin çalışacağıq ki, əks-hücumlarda qol fürsətləri yaradaq”.
Cəbəllütariq təmsilçisinin baş məşqçisi futbolda hər zaman möcüzələrin baş verdiyini deyib.
Qeyd edək ki, iyulun 30-da keçiriləcək “Qarabağ” – “Linkoln” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.