Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində fransalı rəqibi Maksim-Qael Hambu ilə mübarizə apararkən zədə alıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, ilkin müayinələrə əsasən, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançının çiynində sınıq olduğu müəyyən edilib.
Bildirilib ki, cüdoçunun sağlamlıq durumu ilə bağlı yekun rəy MRT-dən sonra veriləcək.
Qeyd edək ki, Elcan Hacıyev 1/16 finalda türkiyəli Mixael Zqanka qalib gəlib. Növbəti mərhələdə fransalı Maksim-Qael Hambuya uduzan idmançı turnirlə vidalaşıb.
*** 16:05
Azərbaycan cüdoçusu Elcan Hacıyev Paris xəstəxanasına çatdırılıb.
"Unikal" xəbər verir ki, buna idmançımızın zədəsi səbəb olub.
O, Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 final görüşünün sonlarında xəsarət alıb. Maksim-Qael Nqayapa Qamba ilə qarşılaşmada əlindən zədə alan idmançı tibbi personalı köməyi ilə zalı tərk edib. Xəstəxanaya göndərilən Elcanın zədəsinin nə dərəcədə ciddi olması müayinələrdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Elcan 1/16 finalda türkiyəli Mihael Zqanqa qalib gəlsə də, fransalıya məğlubiyyətdən sonra mübarizəni dayandırıb.