İki ay əvvəl dünya, bu gün isə Olimpiya çempionu oldum. Çox şadam ki, zəhmətimin bəhrəsini gördüm.
"Unikal" xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev deyib.
Yüz kiloqram çəki dərəcəsində yer alan idmançı etdiyi məşqlərin faydasını gördüyünü bildirib: "Bu səhər oyandım və düzünü desəm, özümü yaxşı hiss etmədim, amma sonra özümə gəlməyə başladım, məşq etdim. Döyüşdən-döyüşə özümü daha da güclü hiss edirdim. İndiki əhvalım həyəcanımı üstələyirdi. Qalib gəlmək istəyim bu həyəcandan, söhbətlərdən qat-qat güclü idi. Sadəcə, musiqi dinləyirdim və hər döyüşə özümü sonuncu döyüşüm kimi hazırlayırdım".
O, qazandığı uğurda atasının böyük rolu olduğunu söyləyib: "Azərbaycan Cüdo Federasiyasına və məni dəstəkləyən insanlara təşəkkür edirəm. Uşaqlıqdan atam məni məşqlərə aparırdı. Heç bir məşqi buraxmırdım. İlk növbədə, atamı, sonra da mənə dəstək olan bütün insanları sevindirmək istəyirdim".
Cüdoçu Olimpiya çempionu Hidayət Heydərovun qələbəsinin ona yarışöncəsi motivasiya verdiyini vurğulayıb: "Hidayətin qələbəsi məni ruhlandırdı. O da mənə dəstək oldu. Bütün gün məşq zalında mənimlə idi. Mənə olduqca kömək edirdi. Ona görə də Hidayətə minnətdaram".
Z.Kotsoyev gürcüstanlı İlya Sulamanidze ilə qızıl medal uğrunda qarşılaşmasında keçirdiyi hisslərdən də bəhs edib: "Mən, sadəcə olaraq, son ana qədər özümə inanırdım. Məğlub ola biləcəyimi qəbul edə bilmirdim. Bu gün belə bir fikrim yox idi. Sadəcə irəliləyirdim. Əvvəlcə istədiyim heç nə alınmırdı. Zərbəni qaçırdım, amma sadəcə irəliləyirdim və bu ümid məni tərk etmirdi. Nəhayət, rəqibim səhv etdi və parterə saldı. Bu, açıq-aydın idi. Onunla başqa turnirlərdə də qarşılaşmışam. O, texniki cəhətdən çox güclü rəqibdir. Ona görə də onunla görüşlər həmişə çətin olur. Səhvləri bağışlamır. Beləliklə, bir az diqqətsizlik etsən, o anda o, qalib gələ bilər".
Olimpiya çempionu gələcək hədəflərindən danışıb: "Motivasiyam həmişə mənimlə olacaq. Tarix yazmaq, irs qoymaq istəyirəm. Nə qədər ki, sağlamam, sona qədər getmək arzum var. Əvvəlcə evə gedib bir-iki ay dincələcəyəm və sonra Los-Ancelesə gedəcəyəm".
Qeyd edək ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan cüdoçumuz birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb. İdmançımız yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib.
Xatırladaq ki, bu, Azərbaycan komandasının Paris Olimpiadasında qazandığı ikinci qızıl medaldır. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Azərbaycanın Dövlət Himnini səsləndirib.