İranın paytaxtı Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Qətərin paytaxtı Dohada keçiriləcək dəfn mərasimi üçün intensiv təhlükəsizlik tədbirləri görülüb.
"Unikal" xəbər verir ki, bir çox ölkədən rəsmilərin iştirakı ilə keçiriləcək dəfn mərasimi üçün gecə saatlarından Həməd Beynəlxalq Hava Limanında uzun növbələr yaranıb. Dohanın bəzi küçə və prospektləri nəqliyyata bağlanarkən, Qətər təhlükəsizlik qüvvələri cümə namazından sonra dəfn mərasiminin keçiriləcəyi Məhəmməd bin Əbdülvahab məscidi və ətrafında xüsusilə də sıx təhlükəsizlik tədbirləri görüb.
Milli və beynəlxalq media qurumlarının mətbuat nümayəndələri də məscidin ətrafına toplaşıblar.
Haniyənin cənazəsi cümə namazından sonra keçiriləcək cənazə mərasimi ilə torpağa tapşırılacaq.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub. İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi bəyanatda Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.
Haniyə 6 may 2017-ci ildə HƏMAS-ın Şura Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.
Gülayə Mecid