Laçında keçirilən V Yay Düşərgəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər. Şəhərin müxtəlif yerləri ilə tanış olan gənclərə Xankəndi haqqında ətraflı məlumat verilib.
"Unikal" xəbər verir ki, sonra iştirakçılar Qarabağ Universitetinə gedib, rektor Şahin Bayramovla görüşüblər. Qonaqları salamlayan rektor düşərgə iştirakçılarının Qarabağ Universitetinin ilk qonaqları olduğunu vurğulayıb, təhsil ocağının yerləşdiyi binanın tarixi, müasir infrastrukturu, gələcək plan və layihələri, universitetdə tədris ediləcək fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.
Rektor ali təhsil ocağının yeni tədris ilində ilk dəfə fəaliyyətə başlayacağını, 2024-2025-ci tədris ili üçün 6 fakültə 27 ixtisas üzrə 1000-dən çox tələbənin universitetə qəbulunun gözlənildiyini bildirib. O, növbəti illərdə fakültə və ixtisas sayının artacağını, bakalavr təhsili ilə yanaşı magistratura, doktorantura pilləsinə də tələbə qəbulu keçiriləcəyini vurğulayıb. Şahin Bayramov Qarabağın adını daşıyan bu universitetin Azərbaycan ali təhsilini dünyada təmsil edəcək ən modern bir təhsil müəssisəsinə çevrilməsinin əsas məqsədlərdən biri olduğunu gənclərin diqqətinə çatdırıb.
Rektor diaspor gənclərindən gözləntilərini də açıqlayıb. Qarabağ Universitetinin dünyada tanınmasına, növbəti illərdə xarici tələbələrin də cəlb olunmasına dəstək göstərəcəklərinə ümid ifadə edib.