Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 3 ünvanında fəaliyyət göstərən “Centrum” hostelində monitorinq keçirib.
Agentlikdən "Unikal"a verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsinin antisanitar şəraitdə saxlanıldığı və mütəmadi təmizlik işlərinin aparılmadığı, avadanlıqların korroziyaya uğradığı, səthlərin (qida məhsulları ilə təmasda olan səthlər də daxil olmaqla) asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi müəyyən olunub.
Həmçinin, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin soyunma və geyinməsi üçün müvafiq dolabın təşkil edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, mətbəx sahəsində çalışan işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiq edən sağlamlıq arayışları yoxlamaya təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görülərək müəssisənin mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.