“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin və bir sıra özəl təşkilatların dəstəyi ilə Ağ Şəhər “Biznes Mərkəzi 2020”-nin qarşısında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
"Unikal" xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 4803 litr olan plastik, 475 litr olan şüşə və 393 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Eyni zamanda festivalda tullantılardan hazırlanmış eksponatlar sərgilənib, uşaqlar tərəfindən ekoçantalar və kətan üzərində rəsmlər çəkilib, plastik tullantılardan müxtəlif əl işləri hazırlanıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları toplayıb təkrar emala yönəltmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.