Körfəz ölkələrinin ortaq “Attaqa” enerji portalında və “Nəbd” informasiya resursunda Azərbaycanın külək enerjisi potensialından bəhs edən geniş məqalə dərc olunub.
"Unikal" xəbər verir ki, məqalədə Azərbaycanın 2040-cı ilə qədər dənizdə 1,5 GVt külək enerjisi istehsal etməyi hədəflədiyi qeyd olunur. Müəllif yazır ki, Azərbaycan quruda və dənizdə külək enerjisinin inkişafı sahəsində böyük potensiala malikdir və hökumət dəniz külək enerjisini təşviq etmək üçün yol xəritəsi qəbul edir.
Məqalədə vurğulanır: “Azərbaycanın dəniz külək enerjisini inkişaf etdirmək planları uğurla həyata keçirilir, hökumət ölkədə bu təmiz enerji mənbəyinin potensialını və onun inkişafı üçün ən yaxşı texnologiyaları müəyyən etmək məqsədilə vaxtaşırı qiymətləndirmələr aparır. Cənubi Qafqazın lider ölkəsi əlaqədar layihələrin yaradılmasının mümkünlüyünü müəyyən etmək üçün bir sıra perspektivli yerlərdə külək enerjisini ölçməyə hazırlaşır”.
Müəllif qeyd edir ki, Azərbaycan dəniz külək təsərrüfatı layihələrinin genişləndirilməsi üçün iki ssenari qəbul edir. Birinci ssenari 2040-cı ilə qədər 1,5 GVt gücün yaradılmasını hədəfləyir ki, bu da ölkənin elektrik enerjisi təchizatının təxminən 7 faizini təmin edəcək. Digər, daha iddialı ssenari eyni dövrə qədər ölkənin ümumi elektrik təchizatının 37 faizini təşkil edəcək və onun karbonsuzlaşdırma məqsədlərinə xidmət edəcək 7,2 GVt gücün quraşdırılmasını nəzərdə tutur”.
Ərəb mediası daha sonra diqqətə çatdırır: “Azərbaycan hökuməti yaşıl transformasiyaya dair strateji baxış çərçivəsində yol xəritəsi qəbul edir. Vaşinqtonda yerləşən İxtisaslaşmış Enerji Platformasının rəyinə əsasən, Bakının enerji transformasiyasına nail olmaq və iqtisadi artımı sürətləndirmək istiqamətində dəniz külək enerjisinin potensialını vurğulamaq üzrə geniş imkanları var”.
Məqalədə bildirilir ki, Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin açıqladığı məlumata əsasən, ölkə yaxın vaxtlarda özünün iki ərazisində dəniz külək enerjisi ehtiyatlarının qiymətləndirilməsinə yönəlmiş kampaniyalara başlayacaq. Küləyin sürətinin ölçülməsi kampaniyaları Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş dəniz külək enerjisi potensialının tədqiqi və onun istismarı üçün hazırlıq tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilir. Finlandiyanın “Vaisala” şirkəti tərəfindən ölkəyə 2 ədəd LiDAR (Light Detection and Ranging) qurğusu gətirilərək müəyyən olunmuş ərazidə quraşdırılıb. Qurğu lazer şüalarından istifadə edərək 10 kilometr məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur.