Mərkəzi Seçki Komissiyası 1 sentyabr tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə namizədliyi irəli sürülmüş bir neçə nəfərin namizədliyinin qeydə alınmaması və ya sonradan ləğv edilməsinə dair dairə seçki komissiyalarının qərarından edilmiş şikayətlərə baxıb.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının iclasında şikayətçilər özləri də iştirak edib.
Onlar dairə seçki komissiyasının qərarı ilə razılaşmadıqlarını bildiriblər. “Ümid” partiyasından namizədliyi irəli sürülmüş Elman Abbasov və Ramin Əliyev verilən qərarın qərəzli olduğunu deyib. “Müsavat” partiyasının üzvü Osman Kazımov isə əmlakı ilə bağlı təqdim etdiyi məlumatda baş vermiş texniki yanlışlıq səbəbindən namizədliyinin ləğv edildiyini deyib və namizədliyinin ləğv edilməsinə dair qərarın baş vermiş yanlışlığa adekvat olmadığını bildirib.
MSK sədri Məzahir Pənahov namizədliyi qeydə alınmamış şəxslərin şikayəti ilə bağlı iclas üzvlərinin səsverməsini keçirib və dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.
Şikayətçilər arasına Xalq şairi Məmməd Arazın qardaşı oğlu, namizədliyini müstəqil şəkildə irəli sürmüş Qorxmaz İbrahimli də olub. MSK onun namizədliyinin qeydə alınmamasına dair dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb.