"Qərb dövlətləri devrilən və Haaqa həbsxanasında ölən keçmiş dövlət başçısı Slobodan Miloşeviç üçün etdiklərini Serbiya prezidenti Aleksandr Vuçiçə də hazırlayır".
"Unikal" xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.
Onun sözlərinə görə, hazırda ölkədə baş verən etirazlara bu kontekstdə baxmaq lazımdır. Vulin Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını xatırladıb və onları hökuməti devirməyə yönəlmiş rəngli inqilaba başlamaq üçün platforma adlandırıb.
"Prezident Miloşeviç 2000-ci il oktyabrın 5-də devrildikdən sonra Haaqada öldü. Eyni şey Aleksandr Vuçiç üçün də hazırlanır”, - Baş nazirin müavini "RİA Novosti" ilə söhbətində deyib və əlavə edib ki, devrilmə çox vaxt sadəcə hakimiyyətin dəyişməsi deyil, həm də onun sahibinin məhv edilməsi deməkdir.
Qeyd edək ki, hakimiyyəti dövründə ölkə vətəndaş müharibəsi nəticəsində dağılan Yuqoslaviya lideri Miloşeviç 2000-ci ildə “buldozer inqilabı” nəticəsində devrilib. 2001-ci ilin iyununda o, Haaqa Tribunalına ekstradisiya edilib. Siyasətçi 2006-cı ildə həbsxanada hökm gözləmədən dünyasını dəyişib.
Gülayə Mecid