"Bu, Zəngəzur dəhlizi deyil, Türkiyə və Qərbə lazım olan Turan dəhlizidir".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov deyib.
O, qeyd edib ki, iyulun sonunda ABŞ nümayəndəsi Ceyms O'Brayenin çıxışı dərc olunub: "ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqəsi yaratmağa çalışır. Üstəlik, ABŞ rəsmisi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində deyib ki, bu da Rusiyanın strateji məğlubiyyətinə gətirib çıxaracaq.
Heç kimə sirr deyil ki, Qərb əvvəldən Gürcüstanı Rusiyaya qarşı mübarizədə mühüm forpost hesab edirdi, lakin gürcülərin rəddini alandan sonra diqqətini Ermənistana çevirdi. Qərb Paşinyana “Rusiyadan ayrılmaq və cəsarətli addımlar at”maq üçün açıq siqnal verdi. Nə Paşinyan, nə də hər hansı məmur açıq şəkildə O'Brayenin direktivlərinə qarşı çıxmadı, mahiyyətcə öz hökumətinin qərb vassalı statusunu qəbul etdi".
Şarmazanovun sözlərinə görə, Qarabağ problemi mövcud olduğu müddətdə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən nəqliyyat layihəsinin həyata keçirilməsi qeyri-mümkün idi: "Müharibədən sonra isə “orta dəhliz” layihəsini həyata keçirmək üçün Qərbin əlləri uzandı.
Danılmazdır ki, Qərbə Ermənistan yalnız İran və Rusiyaya qarşı alət kimi lazımdır. İranda isə bunu çox gözəl başa düşürlər. Heç kimə sirr deyil ki, İran bir neçə dəfə Aİ müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi və Qərbin regionda mövqelərinin güclənməsindən narazılığını bildirib. İran qəti şəkildə o dəhlizin əleyhinədir, dəhlizin Türkiyənin və Qərbin maraqlarına xidmət edəcəyini çox gözəl başa düşür. Təsadüfi deyil ki, İranda o dəhlizə “Zəngəzur dəhlizi” və ya “Erməni kəsişməsi” deyil, “Turan dəhlizi” deyirlər".
Ağarza Elçinoğlu