Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar üçün “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Bu barədə "Unikal"a qurumdan məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində 20 məhkuma eko çanta boyama, 15 məhkuma əl işləri sənəti üzrə təlimlər, 100-dən artıq məhkuma isə psixoloji seminar təşkil edilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilmiş “Arzularını boya” adlı təlimdə məhkum qadınlar öz istedadlarını ekoloji təmiz və insan sağlamlığına faydalı eko çantalar üzərində rəsmlər çəkərək sınayıblar.

“Sadə sənət və sənətkarlıq” layihəsi çərçivəsində İctimai Birliyin rəssam-dekoratoru tərəfindən məhkumlara salfetlərdən gül hazırlamaq və şam yeməyi masasında onlardan istifadə qaydaları öyrədilib.

İctimai Birliyin əməkdaşları tərəfindən məhkum qadınlar üçün təşkil olunan “Arzularını gerçəkləşdir” adlı psixoloji seminarda mühazirə söylənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.

Bundan əlavə, müəssisədə tanınmış yazıçı Elxan Elatlının məhkum qadınlarla görüşü təşkil olunub. Yazıçı imzaladığı kitablardan bir neçəsini məhkumlara hədiyyə edib.