8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin 13 avqust 2024-cü il tarixdə seçicilərlə növbəti görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən görüşdə, öncə milli himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputatlığa namizədin vəkili Rəna İsmayılova görüşü açaraq qeyd edib ki, Azay Quliyevin xüsusi təqdimatına ehtiyac yoxdur: “Çünki Milli Məclisdə o sizi ləyaqətlə təmsil edib, daim yanınızda olub, qapınıza gəlib, problemlərinizi öyrənib. Odur ki, siz Azay müəllimi çox yaxşı tanıyırsınız və zala diqqət etdikdə, insanların onunla görüşə necə həvəslə gəldiyini görürük, bu isə Azay müəllimə olan inamın və rəğbətin göstəricisidir. Mən əminəm ki, siz və seçici olan ailə üzvləriniz, yaxınlarınız 1 sentyabrda məhz Azay Quliyevə səs verəcəksiniz”.
Vəkil diqqətə çatdırb ki, Azay Quliyev son 4 illik fəaliyyəti haqqında Hesabat hazırlayıb və çap etdirib: “Ümid edirəm ki, hesabatla tanışsınız. Müxtəlif səbəblərdən tanış ola bilməyənlər Azay Quliyevin rəsmi facebook səhifəsində– https://www.facebook.com/AzayQuliyev/ - tanış ola bilərlər”.
Seçicilərin adından danışan Nərminə Qasımova Azay Quliyevin onları parlamentdə ləyaqətlə, yüksək səviyyədə təmsil etdiyini bildirdi: "Biz Azay müəllimə həm də ona görə minnətdarıq ki, deputatımızı hansısa kabinetlərdə, ofislərdə, parlament binasında axtarmırıq, Azay Quliyev hər ay bir dəfədən az olmayaraq bizim evlərə, binalara və həyətlərə gəlib, bizim dərd-sərimizlə maraqlanıb, ərazidəki problemlərin həlli üçün əlindən gələn hər şeyi edib. Bu, deputat tərəfindən seçicisinə verdiyi ən böyük dəyər və qiymətdir. İndi isə sıra bizdə, hamımız 1 sentyabrda seçkilərə gələrək Azay müəllimi yenidən deputat seçəcəyik".
Yekunda çıxış edən deputatlığa namizəd Azay Quliyev ölkəmizin çox mühüm və şərəfli bir mərhələ yaşadığını diqqətə çatdırdı: “Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin uğurlu, cəsarətli siyasəti ilə Azərbaycan yeni mərhələyə daxil olub. Əlbəttə ki, parlamentimiz də yeni mərhələnin tələblərinə uyğun və hazır olmalıdır. Müstəqillik tariximizdə ilk dəfədir ki, tam ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğu parlamentə seçiləcək üzvlər bu siyasətin uğurla həyata keçirilməsinə və milli maraqlarımızın qorunmasına töhvə vermək iqtidarında olmalıdır. Mən çox şadam ki, seçicilərimiz həm bu reallığı gözəl bilir, həm də son 4 ildə görülən işləri lazımınca dəyərləndirir. Əks halda iki gündən bir keçirdiyimiz görüşlərə havanın isti və ya istirahət ayı olmasına baxmayaraq bu qədər insan gəlməzdi, mən sizin bu fədakarlığınızı yüksək qiymətləndirir və hər birinizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, parlament seçkilərində əldə edəcəyimz birgə qələbədən sonra deputatınız kimi üzərimə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəm”.
Azay Quliyev sonda seçicilərini seçki günü, sentyabrın 1-də faəl olmağa və səsvermədə iştirak etməyə çağırdı.