Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərində iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, 125 seçki dairəsi üzrə mübarizə aparacaq namizədlər arasında indiki və keçmiş icra başçıları da var.
Belə ki, 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Asif Əsgərov hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. O, hazırda seçkiqabağı təşviqatla əlaqədar icra başçısı səlahiyyətlərini icra etmir.
A.Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayonun, 2009-2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinin, 2015-ci ildən indiyə kimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.
Namizədliyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov uzun müddət Oğuz rayonuna rəhbərlik edib. O, 2011-ci ildən 2024-cü ilin iyul ayına qədər Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. E.Qurbanov 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisin III çağırış deputatı olub.
110 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyev 2000-2006-cı illərdə Balakən rayonun, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan sonra isə Milli Məclisin V və VI çağırış deputatı olub.
Anar Kəlbiyev