Naxçıvanda deputatlığa namizədlərə xəbərdarlıq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə Dairə Seçki komissiyaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 20.4, 20.13, 29.1.1, 31.2, 63 və 99.1-ci maddələrini rəhbər tutaraq bir neçə namizədə xəbərdarlıq edilib. Belə ki, 1 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan Azərbaycan Respublikası vətəndaşı İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Azərbaycan Respublikası vətəndaşları Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.

Həmin şəxslərə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 99.1-ci maddəsini rəhbər tutaraq media vasitəsilə xəbərdarlıq olunub.