Futbolda belə oyunlar olur.
"Unikal" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.
Mütəxəssis 0:6 hesabı ilə məğlub olduqları oyunu şərh edib:
"Matç barədə danışmaq çox çətin və ağırdır. Futbolda belə oyunlar olur. Hansı ki, rəqibin meydanda hər istədiyi alınır, amma səninki yox. Rəqib cərimə zərbəsindən vurduğu qolla başladı. Daha sonra qapımıza gözlənilməz penalti təyin olundu. İlk hissənin son dəqiqəsində buraxdığımız qoldan sonra nəyisə dəyişmək çətin idi. 6 qoldan 4-nü standart vəziyyətlərdən buraxmışıq".
R.Sadıqov "Omoniya"nın böyükhesablı qələbəsində azarkeşlərin böyük pay sahibi olduğunu bildirib:
"Azarkeşləri komandalarını sona qədər dəstəklədilər. Onların böyük dəstəyi bizim üzərimizdə basqı yaradırdı. Əslində ilk dəqiqələrdə, hər şey normal idi. Düşünürdük ki, hər şey bərabər səviyyədə davam edəcək. Cərimə zərbəsindən vurduqları qoldan sonra daha inamlı çıxış etməyə başladılar".
Qeyd edək ki, "Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.