“Qarabağ” olduqca ciddi rəqibdir. Xorvatiyadakı ilk matçda zəif komanda olmadıqlarını sübut etdilər”.

"Unikal" xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.

O, Ağdam təmsilçisi ilə qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib: “Bütün matçlarda olduğu kimi bu dəfə də yaxşı hazırlıq keçmişik. Bakıdakı oyunda Çempionlar Liqasının qrup mərhələsini təmin etmək üçün əlimizdən gələni etməliyik. Zaqrebdə 3:0 hesablı qələbə qazandıq. Həmin görüşdəki epizodları analiz etdik. Etiraf etmək lazımdır ki, ilk matçda bəxtimiz gətirdi. Təhlillərə əsasən, belə nəticəyə gəldik ki, “Qarabağ”ın hücum xətti müdafiəsindən qat-qat güclüdür. Bu bizim üçün yaxşı fürsətdir. Rəqib risk etsə, əks-hücumlarda onları cəzalandıra bilərik”.

Mütəxəssis Bakıdakı isti hava şəraitinin onlara çətinlik törədə biləcəyini də söyləyib: "Bakıda hava çox istidir. Düşünürəm ki, bu amil futbolçularımız üçün çətinlik yaradacaq. Oradakı temperatur Zaqrebdəkindən 5-10 dərəcə yüksəkdir. Buna görə də komandamız ilk növbədə Azərbaycandakı hava şəraitinə uyğunlaşmalıdır”.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq.