Gəncədə “Heydər Əliyev Fondu və Gəncə” adlı tədbir, o cümlədən “Mehriban xanım Əliyeva: humanizmin və xeyriyyəçiliyin hamisi” adlı kitabın təqdimat mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, o cümlədən ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın hərtərəfli inkişafı proseslərində daim yaxından iştirak edərək mühüm xidmətləri ilə seçilən, ictimaiyyətin böyük rəğbət və ehtiramını qazanmış Heydər Əliyev Fondunun fəaliyyəti haqqında geniş məlumat verilib.
Toplantıda çıxış edən Niyazi Bayramov bilidirib ki, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 20 il ərzində ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirib. Bu layihələr ehtiyacı olan insanlara kömək əlini uzadıb, onları öz himayəsində saxlayır. Şəhər rəhbəri qeyd edib ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün bütün dünyada hər kəsin böyük sevgisini qazanıb.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov vurğulayıb ki, fəaliyyəti dövründən Fond Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl işlər aparır. Fondun bütün sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyini, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Heydər Əliyev Fondu və Gəncə” adlı videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən Heydər Əliyev Fondunun 20 illiyi münasibəti ilə “Mehriban xanım Əliyeva: humanizmin və xeyriyyəçiliyin hamisi” adlı kitabin təqdimatı baş tutub. AMEA-nın Gəncə Bölməsinin sədr müavini Sara Əzizova kitabda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun 20 il ərzində keçirdiyi layihələrin əks olunduğunu bildirib.
Tədbirin sonunda Fikət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Mahnı və Rəqs Ansamblının solistləri tərəfindən nəfis muğam nümunləri təqdim olunub.
Qeyd edək ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşkili, Gəncə Dövlət Milli Dram Teatrının, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Heydər Əliyev Park-Xiyaban Kompleksinin dəstəyi ilə keçirilib.