Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri yekunlaşıb.

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.

Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işlərinin aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib.

Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınmışdı.