2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü keçirilib.

"Unikal" yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycanın bugünkü tərəqqisi hər bir vətəndaşımız üçün qürurvericidir: “Bu qüruru bizə yaşadan, dövlətimizin müstəqilliyini daha da möhkəmləndirən, qüdrətini daha da artıran, ərazi bütövlüyünü tam və bütöv edən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşməli və bu siyasi kursun davam etdirilməsi üçün çalışmalıyıq. Çünki bu siyasət dövlətimizin və xalqımızın gələcək inkişafının qarantıdır”.

Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzolunmazdır: “Xalqımız məhz dahi şəxsiyyətin ölkəmizə siyasi hakimiyyətə qayıdışından sonra nicat yolu tapıb, ölkəmizdəki hərc-mərcliyə son qoyulub, Azərbaycan üçün yeni inkişaf mərhələsi başlanıb. Bu gün də bu inkişaf strategiyası ilə uğurla addımlayırıq”. O, seçiciləri parlament seçkilərində fəal olmağa və Ulu Öndərin qurucusu olduğu
YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə seçicilərdən Dilarə Qasımova, Bəhram Şiriyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ötən bütün seçkilərdə qələbə qazanması xalqın inam və etibarının bariz nümunəsidir. Vurğulanıb ki, növbəti seçkilərdə də bu partiyanın parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.