"Tələbə axını ilə bağlı hər il ənənəvi olaraq kirayə mənzil bazarında qiymətlərin artımı müşahidə olunur. Artıq müraciətlərin sayında artım var və bu qiymətlərə də təsir göstərir".
Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, tələbə yataqxanalarının sayı çox məhduddur və rayonlardan gələn tələbələrin əksəriyyəti alternativ varinat kimi kirayə mənzilləri seçirlər.
"Eyni zamanda, qiymət artımı makroiqtisadi səbəblərlə bağlıdır. Dünyada olduğu kimi Azərbaycanda da ilbəil daşınmaz əmlak qiymətlərində artım baş verir. Həmçinin, şəhərsalma və infrastruktur layihələrinin icrası ilə əlaqəli olaraq Bakıda genişmiqyaslı söküntü və tikinti işləri həyata keçirilir. Söküntü işləri mənzil bazarına təklif olunan kirayə evlərin sayının azalmasına təsir göstərir. Pilot layihələr zamanı bir sıra ərazilər üzrə süni tələb formalaşdırır. Mənzil tikintisi isə çoxsaylı yeni tikililərin meydana gəlməsinə səbəb olur. Yeni tikililərdə qiymətlər köhnələrdən kəskin fərqlənir.
Yeni tikililərin sayı artdıqca, kirayə mənzil bazarında orta qiymətlərdə ciddi dəyişiklik baş verir. Bu səbəblər təəssüf ki, kirayə mənzil bazarında qiymət artımlarını şərtləndirən amillərdir. Bu il də kirayə mənzillərin qiymətində artım müşahidə edirik. Yəqin ki, sentyabr ayının sonuna qədər bu proses davam edəcək və bundan sonra qiymətlərin stabilləşməsi baş verəcək".
Anar Kəlbiyev