Ölkə başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir.
"Unikal" xəbər verir ki, bu çərçivədə Ağsu rayonunda Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolundan ayrılan Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrası artıq yekunlaşıb.
Uzunluğu 26.4 kilometr olan torpaq əsaslı sözügedən avtomobil yolları təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yollar boyu yeni torpaq yatağı və yol əsası inşa olunub. Ardınca asfaltlanma işlərinin icrası yerinə yetirilib, yol çiyinlərinin tikintisi işləri aparılıb.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub.
Son mərhələdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.
Layihənin icrası Ağsu rayonunun Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Xəlilli, Mustafalı, Göydəlləkli, Təklə, Dəlilər, Qaraqoyunlu və Kəndoba kəndlərinə gediş-gəlişin asanlaşmasına, marşrut boyu yaşayan əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.