Avqustun 27-dən etibarən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə başlanılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Unikal"a bildirilib ki, II mərhələ üçün müraciətlər www.portal.edu.az platforması üzərindən elektron formada qəbul edilir. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçənlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Xatırladaq ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi iyulun 29-dan avqustun 12-dək 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. Peşə məktəblərinə qəbul olan namizədlərdən 16298 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.