Bu gün saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Avqust ayında 4-cü dəfədir ki, Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutur.
Hərbi ekspert Ədalət Verdiyev "Unikal"a açıqlamasında bildirib ki, hazırda Ermənistan ABŞ-la kifayət qədər genişmiqyaslı hərbi və hərbi-texniki əməkdaşlıq proqramına malikdir. Onun sözlərinə görə, bu proqramın bir hissəsi olaraq ABŞ tərəfindən Ermənistanın silahlandırılması davam edir:
"Buna paralel olaraq ABŞ hərbi bazasının Qərbi Zəngəzur ərazisində yerləşdirilməsi Ermənistan tərəfini bir qədər cəsarətləndirib. Daha əvvəllər Rusiya ilə əməkdaşlıq edən Ermənistan davamlı olaraq Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirməyə çalışırdı. İndi isə Qərbi Zəngəzurda yerləşən ABŞ bazasının mövcudluğundan cəsarətlənən Ermənistan məhz Naxçıvan istiqamətində atəşkəsi pozmağa və həmin əraziyə yaxınlıqda mövcud olan ABŞ-la Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır. Bununla, intensiv şəkildə həm Naxçıvan, həm də Laçın isiqamətində təxribatlara yol verir.
Bunlar Azərbaycanın səbrini daşırmağa və Ermənistana qarşı sərt addımlar atmasına hesablanıb. Azərbaycan tərəfinin proseslərə bir qədər təmkinli yanaşması isə Ermənistanı bir qədər də cəsarətləndirir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatların qarşısının alınması üçün mütləq daha təsirli addımlar atmalıdır".
Anar Kəlbiyev