Son vaxtlar kibercinayətkarlar tərəfindən insanların kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlanması halları artıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır.
Bəs görəsən, belə halların artmasına görə insanlar pullarını kartlarda, yoxsa evdə saxlamağa üstünlük verirlər?
İqtisadçı-ekspert Xalid Kərimli "Unikal"a açıqlamasında bildirib ki, insanlar pullarını həm evdə, həm də kartda saxlayırlar. Onun sözlərinə görə, son zamanlar daha çox kart və banklarda saxlamağa üstünlük verirlər:
"Bu həm də nağdsız hesablaşmaların genişlənməsi, eyni zamanda nağdsız ödənişlərin bir sıra üstünlüklər gətirməsi, insanların həyatlarını rahatlaşdırması, mağazaların, iaşə obyektlərinin terminallaşdırılması ilə bağlıdır. Həmçinin, nağdsız ödənişə görə getdikcə kartlarda, bank hesablarında vəsait saxlamaq həcmi çoxalır, əməliyyatlar artır. Təbii ki, insanlar pulu evdə saxlayanda da ehtiyatlı olmalı, təhlükəsizlik məsələrini nəzərə almalıdır. Evdə pul saxlamaq məqsədəuyğun deyil. Nağd saxlamaq istəyirsə, bankda kirayə seyf götürüb ora qoya bilər. Kartda saxlamaq daha etibarlıdır. Amma kartdan istifadə zamanı, onlayn ödəmələrdə diqqətli olmaq lazımdır.
Təbii ki, vəsaitini kartda saxlamaq daha etibarlıdır. Amma insanlar riskli məsələlərə getməli deyillər. Məsələn, lotoreya oynanılır, hədiyyə düşür və s. kimi linklərə qarşı diqqətli olmaq lazımdır. Kart məlumatlarını fake saytlara, dələduzlara ötürməli deyillər. İnsanlar diqqətli və ehtiyatlı olmalıdırlar".
Anar Kəlbiyev