Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və digər maddələr ilə təqsirləndirilən şəxslər- Zeynalov Orxan Akif oğlu və Abdurahmanov İlqar İlham oğlunun məhkəmə prosesinin növbəti iclası baş tutub.
"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqını yekunlaşdıraraq çıxışlar mərhələsinə keçib. İlk olaraq dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edib. O, Orxan Zeynalovun 20 il, İlqar Abdurahmanovun isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına görə, hadisə 2023-cü ilin martında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Orxan Zeynalov tanışları İlqar Abdurahmanov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı "Mağara" restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra məclislərini davam etdirmək üçün "Huqqa" restoranına gəliblər. Onlar ümumi zalda xuliqanlıq hərəkətləri etməklə Cəsarət Vəliyev və Camal Həsənovun üz və sifət nahiyələrinə yumruqla zərbələr vurub.
İlqar Abdurahmanov Cəsarət Vəliyevin müqavimətini qırmaq və özünü müdafiə etmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuqaltına salıb sıxıb, Orxan Zeynalov isə üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Cəsarət Vəliyevə zərbələr endirib. İlqar Abdurrahmanov isə yerə yıxılan Cəsarət Vəliyevi təpiklə onun baş nahiyəsinə bir neçə dəfə zərbə vurub və nəticədə zərərçəkmiş ölüb.
Daha sonra O.Zeynalov Camal Həsənova bıçaqla xəsarət yetirib, İ.Abdurrahmanov isə onunla əlbəyaxa olub.
Hadisədən dərhal sonra Camal Həsənov xəstəxanaya aparıldığından həyatını xilas etmək mümkün olub.
Zərərçəkmiş Cəsarət Vəliyevin valideyini Baxış Vəliyev hüquqi varis qismində çıxış edərək qeyd edib ki, bu cinayətdə başqa şəxslərin də əli olub: "Ancaq onlar şahid qismində dindirildi. Həbs edilən şəxslərə ömürlük cəza verilməsini istəyirəm".
Təqsirləndirilən şəxs İlqar Abdurahmanovun vəkili Gülşən xanım çıxış edərək qeyd etdi ki, İlqar ilə Orxan hadisəni törədən zaman Cəsarətin hərbçi olmasını bilməyib. İlk olaraqda mübahisəni məhz zərərçəkən tərəf başlayıb. Hadisə zərərçəkmişlərin əxlaqa, qanuna zidd hərəkətləri nəticəsində yaranırsa necə xuliqanlıq maddəsi qoya bilərlər. Həbs ediləndən 4 ay sonra ekspertizaya aparırlar və İlqarın qanından narkotik maddə çıxır, bu necə ola bilər. Mənim müdafiə etdiyim şəxsə qətllə bağlı ittiham həbs ediləndən 6 ay sonra verilib.
Sonra Orxan Zeynalovun vəkili Nüşabə Ağayeva çıxış edərək bildirdi ki, qabaqcadan əlbir olma maddəsi düzgün qoyulmayıb: "İnsanlar gediblər mülki geyimdə istirahətə, orada kim kimi tanıyıb axı?".
Orxan Zeynalovun cəzasını yüngülləşdirici hal anasının xərçəng xəstəliyindən əziyyət çəkməsi, 2-ci qrup əlil olmasıdır. Orxan Zeynalovun indiki maddələri 120.1 və 29.120.1-ci maddəyə tövsif edilməlidir.
Sonra zərərçəkmişin şəxsin nümayəndəsi qeyd etdi ki, dövlət ittihamçısı müdafiə tərəfinin xeyrinə olan kifayət qədər humanist çıxış etdi.
Təqsirləndirilən şəxslər hakimdən son söz üçün vaxt istədi.
Məhkəmə prosesi 25 sentyabr tarixinə kimi təxirə salındı.
Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin giziri olub. Hadisə bu il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük
Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli