Slovakiyada həddindən artıq yağışlı havanın və daşqınların vurduğu zərər 20 milyon avro həcmində qiymətləndirilir.

"Unikal" xəbər verir ki, Slovakiya baş nazirinin ətraf mühitin mühafizəsi üzrə müavini Tomas Taraba bu barədə sosial media hesabında yazıb.

Dörd gündür davam edən yağışlı və küləkli havadan ən çox ölkənin qərb hissələri zərər çəkib. Slovakiyanın Baş naziri Robert Fitso güclü yağışların səbəb olduğu daşqınların vurduğu zərərin dövlət tərəfindən kompensasiya ediləcəyini bildirib.

Sentyabrın 13-də yağışlı hava ilə əlaqədar Bratislavada fövqəladə vəziyyət rejimi elan edilib, həftəsonu keçirilməsi planlaşdırılan bəzi tədbirlər təxirə salınıb. Paytaxt sakinlərinə yaxın günlərdə ağacların aşması riskinin yüksək olduğu ictimai yerlərə və parklara getməkdən çəkinmək tövsiyə olunub. Şəhərin qərb rayonlarında məktəblər və uşaq bağçaları bağlanıb.

Qeyd edək ki, güclü külək və leysan yağışlar təkcə Slovakiyaya deyil, həmçinin qonşu Çexiya, Polşa və Avstriyaya da təsir edib.