İran dövlət televiziyasının "Üfüq" kanalının qalmaqallı aparıcısı Hüseyn Hüseyninin işdən çıxarıldığı barədə məlumatlar yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalı məlumat yayıb.
Qeyd edilib ki, bu haqda ilk dəfə xəbər verən SEPAH-a bağlı "Tabnak" saytı, Hüseyninin aparıcısı olduğu populyar "Fələstin vaxtı ilə" verilişinin artıq başqa bir jurnalistə həvalə olunduğunu bildirərək yazıb:
"Bir neçə gün əvvəl "Üfüq" kanalının aparıcısı Hüseyn Hüseyni Azərbaycan Respublikasındakı bir qadın aparıcının uydurma fikirlərinə cavab olaraq sərt sözlər dilə gətirmişdi. Bir neçə gün keçdikdən sonra "Üfüq" kanalının proqramını başqa bir jurnalist aparıb və bildirib ki, həmkarı məzuniyyətə çıxıb".
Qeyd edək ki, anti-Azərbaycan və ermənipərəst çıxışları ilə tanınan bədnam iranlı ekspert Ehsan Movəhhediyanın qonaq olduğu sözügedən verilişdə aparıcı Azərbaycan jurnalistlərinin köhnə çıxışlarını paylaşaraq deyib:
"Azərbaycanlı aparıcı bilsin ki, İran istəsə, tezliklə İslam Respublikasının televiziyasında Şimali Azərbaycanın hava xəbərlərini də yayımlaya bilər".
Proqramın həmin hissələri bəzi İran saytlarında dərc olunub və Güney azərbaycanlı milli fəalların etirazı ilə qarşılaşıb.