Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinən Qələndərov Vüqar İntiqam oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Tamilla Abbasova şahid qismində ifadə verərək qeyd etdi ki, Vüqar bacısı oğlu Nicatı vurub, qan içində evə gəldi:
"Sonra xəstəxanaya apardıq, mənə yolda dedi ki, Vüqarla heç bir ədavəti olmayıb, qəsdlə vurmadı məni. Nicat Cəfərov Şəkidə narkotik vasitə ilə həbs edilib, hazırda həbsdədir".
Vüqar Qələndərov ifadə verərək bildirdi ki, Nicatla arasında pul söhbəti olub, məhlə uşağıdılar:
"Mənim onu vurmaq fikrim olmayıb. O tək deyildi, əllərində butulka var idi. Gördüm məni vuracaqlar, mən vurdum onu".
Hakim Novruz Kərimov zərərçəkən şəxs hazırda həbsdə olduğundan onun Şəki türməsindən növbəti məhkəmə prosesinə gətirilməsi ilə bağlı qərar çıxartdı.
Məhkəmə prosesi oktyabr ayının 30-na kimi təxirə salındı.
Hadisə ötən ilin dekabr ayında Bakının Xətai rayonunda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Cəfərov Nicat Akif oğlu yaşadığı evin qarşısında bıçaqlanıb. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarı və kürək nahiyəsindən 2 yerdə kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub. Aparılan əməliyyat-istintaq hərəkətləri zamanı məlum olub ki, Nicat Cəfərov Vüqar Qələndərov tərəfindən bıçaqlanıb.
Seymur Əli