Kütləvi informasiya vasitələri xüsusilə qlobal çağırışlar və dünyada baş verən dəyişikliklər fonunda ictimai rəyin formalaşmasında və xalqlar arasında münasibətlərin qurulmasında mühüm rol oynayır.
"Unikal" xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumunda deyib.
K.Həsənov bu forumun təcrübə və fikir mübadiləsi üçün unikal imkan yaratdığını vurğulayaraq, onun Azərbaycan ilə Özbəkistan arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün katalizator rolunu oynayacağına əminliyini ifadə edib.
O, həmçinin xatırladıb ki, Azərbaycan və Özbəkistanı çox qədim zamanlardan ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir.
“Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib, bu gün isə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin mahir siyasəti, eləcə də onların şəxsi dostluğu və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da inkişaf edib. Bizim münasibətlərimiz artıq yeni səviyyəyə yüksəlib - bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir. Bildiyiniz kimi, bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik münasibətləri var və bu ölkələrdən biri də Özbəkistandır. Hesab edirəm ki, bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir”, - deyən K.Həsənov əlavə edib ki, müasir dünyada müttəfiqlik əlaqələri siyasət, iqtisadiyyat və hərbi sahələrlə yanaşı, informasiya təhlükəsizliyi sahəsində də əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
“Bu gün media və kommunikasiya sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas və mühüm tərkib hissəsidir. Hər il bu cür əməkdaşlıq daha aktual və zəruri olur. Bu gün biz qlobal informasiya inqilabı ilə əlaqədar beynəlxalq münasibətlər məsələsində böyük dəyişikliklərin şahidi oluruq. Bu isə təkcə milli deyil, həm də beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirir”, - o vurğulayıb.