Milli mətbuatımızın 150 illik tarixinə nəzər saldıqda birmənalı şəkildə vurğulamaq lazımdır ki, mətbuat Azərbaycan tarixində bir fenomenal nümunə kimi yaranıb.

"Unikal" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İcraçı direktorun sözlərinə görə, oxşar prosesləri dünya jurnalistika tarixi kontekstində izlədikdə görürük ki, jurnalistika ayrıca bir peşə kimi kapitalist münasibətlərinin inkişafı, sənaye inqilablarının nəticəsi olaraq formalaşıb, Azərbaycanda isə bu proses tamam fərqli məcrada gedib. “Əkinçi”dən başlamış digər milli qəzetlərimizi nəşr edən o dövrün gənc şəxsiyyətlərinin məqsədi yalnız milləti maarifləndirmək və dünyəvi məktəblərin yaradılması uğrunda mübarizə olub.

Ə.İsmayılov bildirib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə kəskin senzura altında fəaliyyət göstərməyə məcbur olub:

“Təbii ki, belə şərait jurnalistikanın öz funksiyasını tam yerinə yetirməsi üçün ciddi maneə hesab olunurdu. Yalnız 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin tarixi qərarı ilə senzuranın aradan qaldırılması nəticəsində Azərbaycan müstəqil mətbuat ənənələri daha da möhkəmlənməyə başladı. Prezident İlham Əliyev media sahəsində inkişafı sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində gördüyünü dəfələrlə vurğulayıb”.

MEDİA rəsmisi əlavə edib ki, son 5 ilə yaxın dövr ərzində ölkəmizdə həyata keçirilən media islahatlarının əsas məqsədi də Azərbaycanın informasiya mühitinin qorunması, jurnalistikamızın potensialının gücləndirilməsidir.

“Biz artıq media islahatlarının ilkin nəticələri barədə danışa və əminliklə vurğulaya bilərik ki, mediamızın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir. Düşünürük ki, media islahatlarının böyük töhfələrindən biri də dövlətin gənclərin media sahəsinə marağının formalaşması prosesini dəstəkləməsidir”, - deyə o fikrini tamamlayıb.