Xətai rayonunda bir qadını öldürən və digərini yaralamaqda ittiham olunan Səbuhi Qürbətovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Səbuhi Qürbətov bildirib ki, Elnarə Cabbarova ilə qeyri-rəsmi nikahda yaşayıb:
"Ayın 23- ü səhər Elnarə Qızqayıtla birgə Nərimanovda işlədiyi restorandan çıxıb Həzi Aslanovdakı kirayə qaldıqları evə gediblər. Bizim əvvəl sevgi münasibətimiz olub, lakin hadisə günü küsülü idik. O evə gedərkən biz telefonla mübahisə edirdik, məni təhqir etməyə başladı. Buna səbəb birlikdə yaşadığımız vaxtda evimdə olan paltarlarını küçəyə atmağım olmuşdu. Buna dözə bilməyib evlərinin önünə gəldim. Elnarə təhqirlərinə davam etdi. Onu qucaqladım, daha sonra bıçaqladım. Öldürmək niyyətim olmayıb. Digər xanıma da zərər vermək istəmirdim. Əməlimdən peşmanam".
Ona verilən suallara cavab olaraq deyib ki, bıçağı hər zaman yanında daşıyıb.
"Onu bıçaqlamaq istəmirdim. Düzdür, məni daha öncə də təhqir etmişdi. Amma qadın olduğu üçün keçirdim. Kişi kimi görməzdən gəlirdim. Onu öldürmək istəmirdim".
Bu zaman hakim təqsirləndirilən şəxsə bildirib ki, etdiyi əməllər heç də kişiliyə sığmır:
"Zərərçəkmiş şəxs səni paltarlarını küçəyə atdığın üçün təhqir edib. Sən necə kişisən ki, kasıb, kimsəsiz, sevdiyini iddia etdiyin qızın paltarlarını atırsan? Həm də nə dəyişdi ki, bıçaqladın".
Məhkəmə prosesi 17 oktyabra qədər təxirə salınıb.
Xatırladaq ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Xətai rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində sevgilisi Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanaya aparılıb, ona tibbi yardım göstərildikdən sonra həyatı xilas olunub.
Seymur Əli