"Ulduz" metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 3-ü saat 19:12-də metronun "Ulduz" stansiyasında 20 yaşlı şəxsin (kişi cinsli) qatar yoluna düşməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - məlumatda deyilir.

*** 19:50

Bu gün 19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"ndən bildirilib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda Yaşıl və

Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

Sərnişinin səhhəti barədə əlavə məlumat veriləcək.

***19:27

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

"Unikal" xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.