“Doğma meydanda məğlub olmaq istəmirdik. Rəqibi təbrik edirəm. Bəlkə də onlar layiqli qələbə qazandı”.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” komandasına 1:2 hesabı ilə məğlub olduqları II tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, oyun ərzində komandasının bir sıra qol fürsətləri əldə etdiyini bildirib: “Bəlkə də oyun planından uzaqlaşmışıq. Ruhdan düşmürük. Zədəli oyunçuların olması komandaya təsir edir”.
Mütəxəssis Julio Romaonun özünü yaxşı hiss etmədiyi üçün əvəzlədiyini söyləyib: “Bunu Bəhlul Mustafazadəyə də aid edərdim. İlk yarının sonlarında onda problemin olduğunu hiss etdim. Buna görə dəyişikliyə əl atdım”.
53 yaşlı mütəxəssis bu cür oyunlarda motivasiyanın önəmli olduğunu vurğulayıb: “Bu vəziyyət həm bizə, həm də futbolçularıma təcrübə qazandırdı. Futbolda belə matçlar olur. Heç bir oyunçu eyni formada qalmır. Rəqiblərimizi zəif hesab etmirik. Bizim də gücümüz var”.