Hindistanda gənc mühasibin ölümü işçilərin həddindən artıq işləməsi və müdirlərin zorakılığı ilə xarakterizə olunan iş mədəniyyətini ifşa edib.
"Unikal" "The Guardian"a istinadən xəbər verir ki, hindistanlıların orta iş həftəsi həmişəkindən daha uzundur.
Son məlumatlara görə, Hindistanda iş saatları Çin, Sinqapur və hətta amansız iş mədəniyyəti ilə tanınan Yaponiyadan da artıqdır. Hindistanlılar Almaniyadakı eyni işçilərdən orta hesabla həftədə 13 saat daha çox işləyirlər.
Hindistanda işçilərin demək olar ki, 90%-i qeyri-rəsmi sektorda çalışır ki, bu da ən istismarçı hesab olunur. Təcrübələrin onilliklər ərzində dəyişməz qaldığı Hindistanın korporativ sektoru ilə bağlı da narahatlıqlar var.
Belə ki, iyul ayında Hindistanda yaşayan 26 yaşlı Anna Sebastian Perayil, korporativ mühasibat nəhəngi "Ernst and Young"un Hindistan ofisində işə götürüldükdən cəmi dörd ay sonra vəfat edib.
Annanın anası deyir ki, yüksək təzyiqli iş mühiti qızının ölümü ilə nəticələnib.
"O, hətta həftə sonları da nəfəsini tuta bilmədən gecənin gec saatlarına qədər işləyirdi", qadın ifadə edib.
Daimi tələblər və təzyiqlər böyük potensiala malik gənc qadının həyatı bahasına başa gəlib. Qızın anası əlavə edib ki, qızının dəfnində şirkətdən heç kim iştirak etməyib.
Gülayə Mecid