Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün oktyabr ayı üzrə səyyar qəbul keçirilib.
"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutub.
Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri həyətlərin abadlaşdırılması, qurumuş və təhlükə yaradan ağacların budanması, liftlərin təmiri və yeniləri ilə əvəzlənməsi, rayon ərazisində sahibsiz itlərlə mübarizə, mənzillərin su təchizatı, avtobus marşrutlarının artırılması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.