Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmayılov Elməddin Üzeyir oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Elməddin İsmayılov öz həyat yoldaşı Xatın İsmayılovanı öldürməyə cəhd edib. İttiham aktına görə, Elməddin İsmayılov kirayə qaldığı evdə qaynının arvadı Firəngiz Rəsulovanın gözü qarşısında Xatın İsmayılovanın boğazını kəsmək istəyib. Ancaq Firəngiz Rəsulovanın müdaxiləsi nəticəsində niyyətinə nail ola bilməyib və Xatın İsmayılovaya 9 bıçaq zərbəsi vurub.
Təqsirləndirilən şəxs hadisəni törədən zaman özündə olmadığını deyib.
Məhkəmə prosesi oktyabr ayının 29-na kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Seymur Əli