Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında gənclərlə silsilə görüşlər davam edir.
"Unikal" xəbər verir ki, gənclərlə növbəti görüş “Ekoloji siyasət və dayanıqlı inkişaf” mövzusunda YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ilə olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən ekoloji siyasətin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir.
Çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov vurğulayıb ki, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması vəzifə olaraq qarşıya qoyulmuşdur.
Qeyd olunub ki, əldə olunan tarixi Zəfərlərdən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası işləri çərçivəsində bu ərazilərdə təbii ehtiyatların və ətraf mühitin mövcud vəziyyəti araşdırılır, məhv edilmiş ekosistemlərin bərpası üzrə proqramlar icra edilir, üzərində nəzarət bərpa edilmiş təbii resursların ölkə iqtisadiyyatına reinteqrasiyası sahəsində aidiyyəti üzrə tədbirlər icra edilir. Ölkəmiz beynəlxalq səviyyədə də ekoloji siyasətə öz töhfəsini verməkdədir. Bunun ən böyük nümunəsi cari ilin noyabr ayının 11-22 tarixlərində ölkəmizin COP29 kimi böyük və nüfuzlu beynəlxalq tədbirə evsahibliyi etməsidir.
Daha sonra gənclərin sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.