Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə onlayn formada keçirilməsi nəzərdə tutulan prosesdə Hüseyn Abdullayev iştirak edə bilməyib.

Onun vəkili Cavad Cavadov təqsirləndirilən şəxsin prosesdə iştirak edə bilməməsinin səbəbini səhhətində ilə bağlı olduğunu bildirib. O, Hüseyn Abdullayevin səhhətində yaranan problemlərin ötən gündən daha da kəskinləşdiyini söyləyib.

Hakim Azər Tağıyev həmin məsələnin araşdırılması və rəsmi sənədlərin hazırlanması ilə bağlı İstintaq Təcridxanasına sorğu göndəriləcəyini qeyd edib. 

Təqsirləndirilən şəxsin iştirakının təmin edilməsi üçün məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilib.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb. Sabiq deputat hazırda həbsdədir.

Seymur Əli