Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşir.

"Unikal"  xəbər verir ki, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunub ki, təklif edilən yeni dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.

Belə ki, mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.

Həmçinin, mərkəzdə saxlanılanların yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar ora daxil olduqda dərhal icra edilməlidir.

Məcəlləyə əlavə edilən maddələrə görə, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda mərkəzin rəisi müvafiq qərar olmadan protokol tərtib edəcək və bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin orada məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə şəxsi azad edəcək.