Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Unikal"a bildirilib ki, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil olmaq mümkündür.

Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

***16:11

COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir.

"Unikal" xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Daha öncə də verilən məlumata əsasən, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dəniz kənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edəcək.

Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.