Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Şəhidlər Xatirə Kompleksinin yenidən qurmadan sonra açılışı və 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə şəhid ailələri, müharibə iştirakçıları və qazilərin iştirakı ilə Şəhidlər Xatirə Kompleksinin açılışı olub. Tədbir iştirakçıları Universitetin şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılan guşənin önünə tər güllər düzərək əziz xatirələrini dərin ehtiramla yad ediblər. Kompleksin ətrafında Azərbaycan Bayrağı ordenli şəhid Şahlar Allahverdiyevin, Milli Qəhrəman Ənvər Fərəcovun və Milli Qəhrəman İxtiyar Qasımovun büstləri və faşizm üzərində qələbə simvolu olan abidə əsaslı təmir olunaraq yerləşdirilib.
Daha sonra Universitetin İnzibati binasında 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə öncə Dövlət Himni səsləndirilib sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, Vətən müharibəsi Qələbəsinin dördüncü ildönümü münasibətilə universitet ərazisində olan Şəhidlərin Xatirə Kompleksi yenidən qurulub. Burada yaradılan guşədə Universitetin şəhid tələbə və məzunlarının fotoları öz əksinin tapıb. Rektor deyib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi Qələbəni bizə bəxş etdi. Bu Qələbəni böyük qürur hissi ilə bayram edir şəhidlərin əziz xatirələrini daim yad edirik.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad olunmasında xalqın birlik və dözüm nümayiş etdirdiyini diqqətə çatdırıb.
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Azərbaycan – Türkiyə qardaşlığının sarsılmaz olduğunu və Şuşa şəhərinin işğaldan azad olunma tarixi təkcə Azərbaycan deyil, Türkiyə üçün də əlamətdar hadisə olduğunu deyib.
YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışında İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi əvəzsiz liderlik xüsusiyyətlərini vurğulayıb.
Şəhid Rəvan Daşdəmirovun atası Məzahir Daşdəmirov və ADAU-nun tələbəsi, Vətən Müharibəsi iştirakçısı Eşqin Bayramov çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarını daim diqqətdə saxladığına görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrin vətənpərvər ruhda hazırladığı mahnı və kompozisyalar nümayiş olunub.