Samux rayonunda “8 Noyabr–Zəfər Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə  Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Milli Məclisin deputatı Mübariz Qurbanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinə ucaldılmış Samux Şəhidləri Kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzülüb və Şəhidlərimizin ruhuna dualar oxunub.

8 Noyabr–Zəfər Günü ilə əlaqədar məktəblilərdən ibarət “Şahin” hərbi-idman komandalarının Azərbaycan bayraqları ilə birlikdə hərbi yürüşü keçirilib.
Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  Azərbaycan Respublikasının dövlət himni  səsləndirilib.

Samux rayon Şəhidlər Kompleksinin qarşısında məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.  

Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, Müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.   

Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad edib. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.

Şəhid Milli Qəhrəman İsgəndərov Eltunun atası İsgəndərov Xaləddin və digər çıxış edən natiqlər də Qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin və mübarizliyimizin  nümayiş etdirildiyini vurğulayıblar.
 
Daha sonra bayram konserti təşkil edilib. Bir-birindən rəngarəng hərbi-vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib.
Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.