ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın ilk addımı Böyük Britaniyanın baş naziri Uinston Çörçilin büstünü dörd ildən sonra “hörmət əlaməti olaraq” Ağ Evin Oval Ofisinə qaytarmaqdır.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti mənbəyə istinadən yazır.
Nəşrin yazdığına görə, Tramp Çörçili tarixin ən böyük liderlərindən biri hesab edir.
Çörçilin büstü 1965-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Lindon Consona hədiyyə olaraq hazırlanıb. Heykəl 2009-cu ilə qədər - prezident Barak Obamanın gəlişinə qədər Ağ Evin Oval Ofisində olub. Çörçilin büstü afroamerikalı hüquq müdafiəçisi Martin Lüter Kinqin büstü ilə əvəz edilib. Tramp 2016-cı il seçkilərində qalib gəldikdən sonra heykəli geri qaytarıb, lakin indiki prezident Co Bayden insan haqları müdafiəçisi Sezar Çavesin Oval Ofisdə daha yaxşı görünəcəyinə qərar verib.
Trampın qərarı Böyük Britaniyada müsbət qarşılanıb. Çörçilin nəvəsi Nicholas Soames DM-ə deyib ki, babasının büstünün Oval Ofisə qaytarılmasını görməkdən çox məmnundur.
Gülayə Mecid