Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, toplantıda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf etdiyini, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli işlərin görüldüyünü bildirib.
Eyni zamanda, Payız-qış mövsümü ilə əlaqədar rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanıb.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı rayonlarda müşavirələrin keçirildiyi vurğulanmış, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunub.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.