Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda IX Respublika elmi-praktik konfransı keçirilib.
"Unikal" xəbər verir ki, tədbiri açıq elan edən universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamladıqdan sonra idarəetmə anlayışının hər bir fəaliyyət sahəsində müvəffəqiyyətin açar konsepsiyası funksiyasını daşıdığını bildirib. “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunun çoxşaxəli fəaliyyət sahəsində idarəetmə ilə bağlı mövcud çətinliklərin araşdırılması və onların optimal həll yollarının müəyyən edilməsi məqsədini daşıdığını diqqətə çatdırıb.
İdarəetmənin səmərəli təşkilində idarəetmə məktəblərinin əhəmiyyətli rol oynadığını,eyni zamanda nəzəri biliklərin formalaşması, elmi tədqiqatların uğurla aparılması istiqamətinə təkan verdiyini konkret faktlarla dəyərləndirib.
Rektor İ.Mədətov ATMU-da keçirilən “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusuna həsr olunan növbəti-IX Respublika elmi-praktik konfransa təqdim edilən məruzələrin birmənalı olaraq idarəetmə sahəsində səmərəlilik problemlərinin tədqiqi və müzakirəsini şərtləndirən iqtisadi inkişaf yollarının araşdırılması üzrə yekun nəticələrin paylaşılmasından məmnunluğunu ifadə edib.
Universitetin Elm və innovasiya şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nəsirulla Nəsirli “Müasir universitetin təşkilati strukturu və idarəedilməsi” adlı məruzəsində qeyd edib ki, “Ali təhsil müəssisələrinin maliyyə-iqtisadi əsaslarının və idarəetmə mexanizmlərinin bazar şərtlərinə uyğun yenidən qurulması yalnız universitetlərin davamlı inkişafını təmin etmir, həm də beynəlxalq təhsil məkanında rəqabət qabiliyyətini artırır. Bu proses, ölkənin yeni sosial-iqtisadi quruluşuna uyğunlaşma, təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tələb-təklif tarazlığının qorunması ilə yanaşı, innovativ yanaşmaların tətbiq olunmasını, tədris və elmi fəaliyyətlərin effektivliyinin artırılmasını da tələb edir. Belə dəyişikliklər həmçinin universitetlərin resurslardan daha səmərəli istifadə etməsinə və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.”
Plenar iclasda tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının “İşğalçı XI Sovet ordusunun Azərbaycanda törətdiyi cinayətlər” mövzusunda çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı. O, bu dövrdə xalqımıza qarşı törədilən faciələr, milli kimliyimizin sıxışdırılması,Azərbaycanın müstəqilliyinə zərbə vurmaq məqsədilə həyata keçirilən amansız siyasətin acı nəticələrini konkret faktlarla isbatladı. M.Zülfüqarlı bu cinayətlərin tarixi faktlar əsasında araşdırılmasının və gənc nəslə çatdırılmasının vacibliyini vurğuladı.
Bölmə iclasları çərçivəsində davam edən tədbirdə 80-dən çox məruzə dinlənilib.