Yaponiya Azərbaycanla iqlim şəffaflığı sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə report-a müsahibəsində Yaponiya Ətraf Mühit Nazirliyinin Qlobal Ətraf Mühit Bürosunun nümayəndəsi Akiko Maruo bildirib.

"İlk növbədə, Azərbaycanı COP29-a uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdik. İqlim dəyişikliyinin təsirlərinin azaldılmasına gəldikdə, tərəflərin ambisiyalarını artırmaq üçün Qlobal qiymətləndirməyə diqqət yetirmək vacibdir. Biz bütün tərəfləri 1,5 dərəcə hədəfinə uyğun olan və ən son elmi məlumatlara əsaslanan, bütün istixana qazlarını, sektorları və s. əhatə edən ümumiqtisadi emissiyaların azaldılması hədəflərini müəyyən etməyə çağırırıq. Həmçinin ölkələri, eləcə də böyük iqtisadiyyatları emissiyaların azaldılmasının mütləq göstəricilərini təyin etməyə çağırırıq", - o deyib.

A.Maruo vurğulayıb ki, COP29 çərçivəsində Yaponiya Azərbaycanla birlikdə Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platformasının (BTP) tədbirini təşkil edib: "Biz iqlim təşəbbüslərinin həyata keçirilməsində şəffaflığın təmini üçün Azərbaycanla bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyik".

O xatırladıb ki, Yaponiyanın ətraf mühit naziri Asao Keyitiro COP29 zamanı Bakıda bir çox ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək onları Milli İqlim Planlarının (NDCs) ambisiyalarını artırmağa çağırıb.

"Biz COP29-un yekun plenar iclasında Paris Sazişinin 6-cı Maddəsinin tam təsdiqlənməsindən məmnunuq. Bundan əlavə, Azərbaycan da daxil olmaqla 29 tərəfdaş ölkədə iqlim dəyişikliyinin qarşısının alınması layihələrini təşviq etmək üçün bazar alətlərindən istifadə edən Birgə Kreditləşdirmə Mexanizmimiz (JCM) var. Biz gələcəkdə daha çox JCM layihələri formalaşdırmaq istərdik", - A.Maruo bildirib.