Ölkə rəhbərliyinin müvafiq göstəriş və tövsiyələrinə uyğun olaraq Seymur Orucov Ağstafada vətəndaşların səyyar qəbullarını davam etdirir.
"Unikal" xəbər verir ki, Vurğun qəsəbə və Həsənsu kənd tam orta məktəb binalarında təşkil olunan vətəndaşların səyyar qəbullarında rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti qurumların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı səyyar qəbullarda giriş nitqi söyləyərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı, ata vəsiyyətini yerinə yetirərək suverenliyimizi bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ardıcıl tarixi zəfərlərlə güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Ümummilli Liderin tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən qarşısında misilsiz xidmətləri, ən ağır günlərdə həyatını təhlükə qarşısında qoyaraq respublikanı fəlakətlərdən xilas etməsi qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla xatırlanacaq, dahi rəhbərin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün daim örnək olacaqdır. Həmçinin diqqətə çatdırılıb ki, respublikanın hər yerində, o cümlədən Ağstafa rayonu ərazisində əhali ilə keçirilən mütəmadi görüşlərin, səyyar vətəndaş qəbullarının başlıca məqsədi sakinləri narahat edən məsələləri daha dərindən araşdıraraq operativ həllinə nail olmaq, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib. Həmçinin yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması ilə bağlı nəzarət qaydasında tapşırıqlar verilib.
Səyyar qəbullarda Vurğun qəsəbəsindən olan Azərbaycan Atletika Federasiyasının qaçış üzrə yüngül atleti, respublika və beynəlxalq dərəcəli bir sıra yarışların iştirakçısı və mükafatçısı Ağa Əliyev ölkəmizdə idmana və gənclərə göstərilən yüksək dövlət qayğısına görə, Həsənsu kənd ictimaiyyətinin nümayəndələri - Sücayət Əsgərova, gənc şair Rüfət Axundov ölkəmizin çiçəklənməsi, hökm sürən sülh və əminəmanlıq, xalqımızın firəvanlığı üçün atılan addımlara görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin ağstafalı gənc şair yeni çapdan çıxmış kitabını RİH başçısına təqdim edib.